AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
Fakültə : Regionşünaslıq və Beynəlxalq Münasibətlər
İxtisas : Cənub-Şərqi Asiya və İndoneziyaşünaslıq
468-ci Qrup tələbəsi
İskəndərov Elmar
ELMİ İŞ
MÖVZU
XX ƏSRİN II YARISINDA İNDONEZİYADA XARİCİ TURİZMİN İNKİŞAF İSTİQAMƏTLƏRİ
İndoneziya – Cənub-Şərqi Asiyanın turizm üçün ən cazibədar və perspektivli, böyük ölçülü və sonu olmayan imkanlar ölkəsidir. Planetin ən böyük arxipelağı olan – Malay arxipelağının 13677(son məlumatlara görə 17508) adalarını əhatə edən İndoneziya öz zənginliyi və rəngarəngliyi ilə hər kəsi heyrətə gətirən bütöv bir dünyadır. İndoneziya adalarının 60%-90%-i sıx meşələrlə örtülüdür və “dünyanın ağ-ciyərləri” adlandırılır. Indoneziya dünyada mövcud olan gül növlərinin 11%-nin, məməli heyvanların 12%-nin, quş növlərinin 17%-nin və balıq növlərinin 37%-nin “evi” sayılır.
İndoneziya adaları ekvator boyunca yerləşərək, 5000 km ərazidə uzanır. Ərazisi isə, 1,908 min kvadrat km-dir. Hal-hazırda, insanlar bu adaların yalnız yarısında məskunlaşıb, məşhur turist adalarının sayı isə 20-dən çoxdur. 2010-cu il hesablamalarına görə, İndoneziyanın əhalisi 245 milyon nəfər olub. Əhalisinin sayına görə, dünyada Çin, Hindistan və ABŞ-dan sonra 4-cü yeri tutur. Yava və Madura adaları isə dünyanın ən sıx məskunlaşmış adaları hesab olunur. İndoneziyanın ərazisinin 7%-ni təşkil edən Yava və Madurada ölkə əhalisinin 70%-i yaşayır.
İndoneziya dünyada palma yağı və kakao istehsalına görə 1-ci yerdə, kauçuk istehsalına görə 2-ci yerdə, mayeləşdirilmiş qaz və idman ayaqqabılarının istehsalına görə üçüncü yerdə, kofe istehsalına görə 4-cü, paltar eksportuna görə 9-cu yerdə durur.
İndoneziyanın investisiya siyasəti 2011-ci il üçün 20 milyard investisiyanı cəlb etməyi nəzərdə tutur ki, bunun da əksər hissəsi turizm sektorunun payına düşməlidir.
İndoneziyaya turistlərin ən çox axını avqust ayında, Milad və Yeni il ərəfəsində baş verir. İndoneziyanın iqlim şəraiti turistləri ilboyu qarşılamağa imkan verir.
XX-ci əsrin 80-ci illərindən başlayaraq İndoneziya hökuməti beynəlxalq turizmin həvəsləndirilməsi siyasəti yürüdür. Turizm sektoru ölkənin ÜDM-nin 10,3%-ni və iş yerlərinin 8,5%-ni təşkil edir. Turizm sektorundan olan gəlirlər 1995-ci ildə 5,2 milyard dollara çatıb. Mehmanxana və nəqliyyat şəbəkələrinə dövlət investisiyalarının yatırılması nəticəsində turizm sektorunun material-texniki vəziyyəti yaxşılaşıb, kurort zonaları, park-qoruqlar genişlənib. 1990-cı illərin əvvəllərində viza və gömrük rejimlərinin yumşaldılması nəticəsində turizm ölkə iqtisadiyyatının daha çox inkişaf edən sahələrindən birinə çevrilib. Məsələn, 1991-ci ildə ölkəyə 2,5 milyon turist gəldiyi halda, 1992-ci ildə 3 milyon, 1995-ci ildə 4,5 milyon, 1996-cı ildə 5 milyon, 1998-ci ildə 4,3 milyon turist gəlib. 1990-cı illərin sonunda turistlərin sayının azalmasının səbəbi təbiət kataklizmlərinin baş verməsi idi. Sonra isə iqtisadi böhran, bölgədəki qeyri-sabitlik turizm axınına mənfi təsir göstərib. Lakin, 2002-ci ildən etibarən turizm sektorunda yenidən canlanma baş verib, İndoneziyaya gələn turistlərin sayı 5 milyonu ötüb və sonrakı illərdə də artan tempdə inkişaf edib. Turistlərin əksəriyyəti Sinqapur(30%), Yaponiya(13%), Tayvan, Malayziya, Avstraliya, ABŞ, Rusiya, Hollandiya, Almaniya və digər Avropa ölkələrinin payına düşür. Hava daşımalarını artırmaq, turizm sənayesini inkişaf etdirmək üçün ölkədə hava nəqliyyatının modernizasiyası həyata keçirilir. Təkcə, 2010-cu ildə 15 milyon sərnişin daşınıb. İndoneziyanın böyük hava limanları- “Sukarno-Hatta” beynəlxalq hava limanı (Cakarta), “Halim Perdanakusuma” (Cakarta), “Djuanda” (Surabaya, Yava), “Nqurahray” (Denpasar, Bali), “Poloniya” ( Medan, Sumatra), “Sam Ratulanqi” (Manado, Sulavesi), “Hasanuddin” (Makassar, Sulavesi) kimi hava limanlarıdır.
2006-ci ildə İndoneziyaya təkcə Rusiyadan 43 min nəfər turist gedib. 2007-ci ildə isə bu rəqəm 51 min nəfər təşkil edib ki, bu da 2006-cı il ilə müqayisədə 20% çoxdu. Bu rəqəm hər il sürətlə artır. Rusiya vətəndaşlarının ən çox üstünlük verdiyi ərazi isə Bali adasıdır. İndoneziya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq inkişaf direktoru İ Qde Pitana bildirib ki, təkcə 2008-ci ildə İndoneziya turizm sənayesini daha da inkişaf etdirmək üçün 10 nəhəng turizm festivalına qatılıb. O, keçirilən konfrans və festivallar zamanı bildirib ki: “İndoneziyanın turizmi təkcə Bali adasından ibarət deyil. Əgər müqayisə etsək, İndoneziya arxipelağı bütövlükdə Karib regionundan balaca olmaz. İndoneziya 17 min adadan ibarətdir və sizə 17 min gün lazımdır ki, bu adaların hər birində cəmi 1 gün olasınız.” O deyib ki, nazirlik İndoneziyanın daha 10 turist bölgəsinin tanıdılması istiqamətində iş aparır. Məqsəd ən azı Bali adasındakı kimi, turizm infrastrukturunu(otellər, xidmət, təhlükəsizlik) yaratmaqdır. Ənənəvi çimərliklərdən başqa burada qolf, dayvinq xidmətləri də var. İndoneziyada ekoturzim inkişaf edib, ölkədə unikal flora və faunalı 50 milli park fəaliyyət göstərir. Ancaq, bütünlükdə İndoneziya Avropalı turistlər üçün Cənub-Şərqi Asiyanın mədəniyyəti və ekzotik təbiəti ilə tanışlıq deməkdir.
Комментариев нет:
Отправить комментарий