Elmar Iskandarov at The Ministry of Culture and Tourism of Azerbaijan Republic

Elmar Iskandarov at The Ministry of Culture and Tourism of Azerbaijan Republic

вторник, 15 февраля 2011 г.

İNDONEZİYANIN BATİK VƏ KEBAYA PARÇALARI


AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Fakültə : Regionşünaslıq və Beynəlxalq Münasibətlər

İxtisas  : Cənub-Şərqi Asiya və İndoneziyaşünaslıq

468-ci Qrup tələbəsi

İskəndərov Elmar

SƏRBƏST İŞ

MÖVZU

İNDONEZİYANIN BATİK VƏ KEBAYA PARÇALARI


  





                 
Plan:
1. İndoneziyada modaya ümumi baxış.
2. Batik İndoneziyanın milli fəxri və İndoneziya xalqının milli sərvətidir.
3. Batikin mənşəyi.
4. Hazırlanma üsuluna görə batikin növləri.
5. İndoneziya Batiki ilə Azərbaycan toxuculuq nümunəsi olan kəlağayının müqaisəsi.
6. Kebaya geyimi haqqında ümümi məlumat.
7. Kebayanın mənşəyi.
8. Kebayanın müasir İndoneziya modasında yeri.
           











     Biz, İndoneziya sözünü ifadə edən zaman gözümüzün önündə ilk olaraq bol günəş şüası ilə isinmiş ekzotik çimərliklər və həmişə gülümsəyən, mehriban və qonaqpərvər insanlar canlanır...
Doğrudur, bu ölkə moda sənayesi ilə az assosiyasıya olunur, lakin, İndoneziyada Dünya modasına təsir etmək üçün ilkin şərtlər mövcuddur: Bir faktora nəzər salaq ki, İndoneziya qadınları arasında nəsldən-nəslə keçən unikal bir bacarıq mövcuddur, bu bacarıq onların nadir, qəliz naxışlarla bəzədilmiş parçalar hazırlamaq bacarığıdır. Bugün, həmin bacarıq milli fəxr və sözün əsl mənasında xalqın milli sərvətinə çevrilmişdir.
    
     Məhz bu səbəbdəndir ki, bugün Dünya modasının professional və həvəskar dizaynerləri, İndoneziya dizaynerlərinin yaradıcı incəsənət potensialına xüsusi maraqla yanaşırlar. Bu baxımdan, İndoneziyanın gənc dizaynerlərindən biri olan Oskar Lavalatanı(Oscar Lawalata) göstərmək olar. Onun müasir dəbdə olan paltarları, İndoneziyanın ənənəvi parçaları olan Batik, Kebaya və Saronq ilə uyuşdurması İndoneziya modasında bir çevriliş kimi qiymətləndirilir. O, bu xüsusi istedadına görə, 2009-cu ildə İngiltərədə keçirilən London Moda Həftəsində ən yüksək mükafatlardan birinə “British Council IYCE” (International Young Creative Enterpreneur) layiq görülmüşdü.

     Danılmaz faktdır ki, İndoneziya modası da müasir modanın, Qərb modasının təsirlərinə məruz qalıb. Bugün, İndoneziya modası müasir modanın, xüsusilə, rəqabət tanımayan Avropa və Amerika modasının təsirlərinə məruz qalsa da, İndoneziya ənənəvi parçaları olan Batik, Kebaya və Saronq öz əhəmiyyətlərini itirməmişdir, əksinə, daha da müasirləşmiş, zənginləşmiş və hər zaman olduğu kimi İndoneziya xalqının milli sərvəti olaraq qalmışdır. Hətta, rəsmi görüşlər və mərasimlər, toy və yas və digər mərasimlər zamanı Batik parçasından olan geyimlərə üstünlük verilir.
    

Batik İndoneziyanın milli fəxri və İndoneziya xalqının milli sərvətidir.

     Batik- üzərində əl il çəkilmiş təsvir və naxışlardan ibarət bir parça növüdür. Bu parça ipək, pambıq, yun və sintetika ola bilər. Parçaya qələmə oxşar kiçik alətlə naxışlar vurulur, alətin uc hissəsində 10-20 milliqramlıq yarım-dairəvi kürəcik olur ki, bura da xüsusi maye(parafin,benzin, əridilmiş mum) doldurulur.

     Batik hələ qədim zamanlardan İndoneziya, Malayziya, Hindistan və digər xalqlar arasında məşhur olmuşdur. Avropada isə XX əsrdən bu parça ilə tanış olmuşlar.


Mənşəyi
     Batik- İndoneziya sözüdür. Daha doğrusu isə, Batik Yava dilindən iki sözün birləşməsindən meydana gəlmişdir: “amba”- şəkil çəkmək, cızmaq, naxış vurmaq mənasında və “titik”- damcı mənasında başa düşülür. Ümumilikdə isə, Batik İndoneziya dilində “mum damcısı ilə naxışlar vurulmuş parça” kimi başa düşülür. Buradan da, Batik sözünün feli yaranmışdır- Membatik- şəkil çəkmək, mum damcıları ilə örtmək, ştrixləmək və ya, bir sözlə, batik hazırlamaq deməkdir.
     Batikin hazırlanma texnikası ona əsaslanır ki, parafin, rezin kley, qatran və digər birləşmələr parçaya vurulur və kraskanı özlərindən keçirmirlər- yaxud, batik rəssamları dediyi kimi, bu birləşmələr parçanın ayrı-ayrı hissələrini kraskadan rezervləyir(qoruyur).

 

Hazırlanma Üsuluna görə Batikin Növləri

     Hazırlanma üsuluna görə Batikin iki növü vardır: Batik Tulis və Batik Çap(Batik Cap).

·         Batik Tulis- Batikin bu növü yalnız əl işinə əsaslanır. Parça qələmə oxşar alətlə naxışlanır. Batikin bu növünün hazırlanmasına ən azı 2-3 ay vaxt sərf edilir.

·         Batik Çap(Batik Cap)- Batikin bu növünün hazırlanması hazır qəliblərə əsaslanır. Parça xüsusi hazırlanmış, hazır qəliblər vasitəsilə naxışlanır. İstənilən naxışı əldə etmək üçün, hazır qəlibi mayeyə(əridilmiş mum, parafin) batırıb, sonra parçaya basırlar, 10-20 saniyədən sonra qəlib parçanın üzərindən götürülür. Batikin bu növünün hazrlanmasına ən azı 2-3 gün vaxt sərf edilir.

     İndoneziyada batik parçalarını hazırlamaq ənənəsi nəsldən-nəslə keçən sənətdir. Batikin bir sıra nümunələri, batik geyinən şəxsin statusunu-onun hansı təbəqəyə mənsub olduğunu, varlı, yaxud kasıb olmasını göstərir. Hətta, müasir dövrdə də, batikin bəzi nümunələri yalnız Coqcakarta və Solo(Surakarta) sultan ailəsinin üzvləri tərəfindən geyinilir.

     Batiki ilk dəfə dünyaya rəsmi şəkildə tanıdan Prezident Suharto olmuşdur. O, BMT-nin konfransında iştirak və çıxış edərkən batik parçasından olan paltar geyinmişdi.

İndoneziya Batiki, 2 oktyabr 2009-cu ildə, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib(Masterpieces of the Oral and Intangible Heritage of Humanity).



İndoneziya Batiki ilə Azərbaycan toxuculuq nümunəsi Kəlağayının müqaisəsi
___________________________________________________________
Baş örtüyü - Kəlağayı və Batik   

Azərbaycanın kəlağayı adlanan ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyü üzərindəki naxışlarla batik parçaları üzərindəki naxışlar bir-birinə bənzəyirlər. Lakin, Azərbaycan toxuculuq nümunələri naxışlarının zənginliyi və mürəkkəbliyi ilə seçilirlər. Kəlağayı Azərbaycanda əsrlər boyu qadın geyimlərinin tərkib hissəsini təşkil etmişdir. Kəlağayı ilk dəfə Basqal kəndində hazırlanmışdır və özündə ştamplama(döymə, basmanaxış) metodu ilə təbii rəngləri birləşdirir. Ənənəvi olaraq, parça qadınlar tərəfindən baramadan hazırlanır, ona əridilmiş mum ilə naxışlar vurulması və digər əl işləri adətən bu sahədə peşəkar olan kişilərə həvalə olunur. Azərbaycanda kəlağayının toxuculuğu və istehsalı SSRİ-nin süqutundan sonra kəskin azalıb. Lakin, İnkişaf Elmi Cəmiyyəti ölkədə kəlağayı toxuculuğunu və istehsalını yenidən canlandırdı. Kəlağayı həm yaşlı, həm də cavan qadın və qızlar tərəfindən baş örtüyü kimi istifadə edilir. Cavan xanımlar daha çox parlaq rənglərə üstünlük verdiyi halda, yaşlı xanımlar daha çox tünd rənglərə üstünlük verirlər.
Azərbaycanda ulu əcdadlarımızın yaratdıqları və məşğul olduqları xalq sənətkarlığı nümunələri uzun əsrlərdən bəri qorunub saxlanmış, daha da inkişaf etdirilmişdir. Onlardan biri də qadınlar üçün hazırlanmış kəlağayılardır.
Kəlağayı - ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.
Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları yeləndəki ornamentlərinə görə bir-birindən seçilirdi.
Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.
Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürlər.
Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda belə şöhrət qazanmışdır. Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “ Saya buta” , “Xırda buta” çeşnilərindən daha çox istifadə olunmuşdur . “Heyratı”, “Soğanı”, “İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşamış, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir.
Hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirən sülalələr çoxdur. Şəki şəhərində Şamilovlar nəsli bu sənətin mahir ustası sayılır. Mərhum Şövkətziya Şamilovun törəmələri indi bu sənəti uğurla davam etdirirlər. Onun oğlu Əmiraslan, nəvəsi Rəşadın xüsusi zövqlə toxuduqları kəlağayılar hamı tərəfindən bəyənilir.
Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız çoxdur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünürlər.
Yeri gəlmişkən qeyd edək ki, kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunur, müxtəlif bitki növlərindən-sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır.
Bəli, el sənətinin zərif, rahat, qadınlara gözəllik gətirən, ismət simvolu, cah-calal əlbəsəsi sayılan kəlağayılar gəlin gedən qızlar üçün ən yaxşı hədiyyə ola bilər.

Kebaya
Kebaya, İndoneziya, Malayziya, Sinqapur, Bruney, cənubi Tayland və Myanma xanımları tərəfindən geyinilən ənənəvi paltar növüdür. Kebaya, adətən nazik parçadan hazırlanır və saronq, yaxud batik kain panjang(uzun parça) və digər ənənəvi və rəngbərəng motivli qadın geyimləri olan ikat, sonqket iə geyinilir.
Kebaya İndoneziyanın milli geyimidir. Yava, Sunda və Bali adalarının əhalisi arasında geniş yayılmışdır.

Mənşəyi
Kebaya, Ərəb ölkələri ilə ticarət əlaqələri nəticəsində Cənub-şərqi Asiya regionunda yayılmışdı. Kebaya, mənşəcə ərəb sözüdür, “abaya” sözündən götürülüb, mənası paltar, geyim deməkdir.
Yava adasında Macapahit krallığı dövründə geniş yayılmışdı. Kebaya, 15-16-cı əsrlərdə İndoneziya xanımları arasında geniş yayılmışdı. 1600-cü ildə, Yava adasında kebaya müqəddəs geyim növü kimi tanınırdı və bu geyimi yalnız kral ailəsi, aristokratlar və zadəganlar geyinə bilərdi. Tədricən, kebaya ticarət, diplomatiya və ictimai-sosial əlaqələr nəticəsində qonşu ərazilər olan Malakka, Bali, Sumatra, Kalimantan, Sulavesi, Sulu və Mindanao sultanlığında da yayıldı.
Bugün, Yava kebayası kimi tanınan geyim haqqında məlumatlara 1817-ci il Stanford Rafflzın qeydlərində də rast gəlmək olar.

Kebayanın Müasir İndoneziya Modasında Yeri
Ənənəvi Kebaya ilə yanaşı, İndoneziya dizaynerləri müasir dəblə səsləşmək üçün kebayanı modernləşdirməyə başlayıblar. Müasir dizayn kebayanın cins şalvar və yubka ilə də geyinilməsini mümkün edəcək. Toy və digər mərasimlər, eləcə də rəsmi görüşlər üçün dizaynerlər daha modern kebaya geyimlərini nümayiş etdiriblər.
Hal-hazırda, Sinqapur Hava Yollarının stüardessaları tərəfindən geyinilən “Singapore Girl” adlanan kebaya uniformasını Sinqapur Hava Yollarının stüardessaları üçün Fransız dizayneri Pierre Balmain hazırlamışdı.
Eyni zamanda, Garuda İndonesia-İndoneziya Hava Yolları və Malayziya Hava Yollarının stüardessaları da daha müasir kebaya nümunələrini geyinirlər.
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, İndoneziya modasına Qərb modasının böyük təsiri olsa da, İndoneziyanın ənənəvi geyimləri olan Batik, Kebaya və digər geyimləri öz əhəmiyyətini itirməmiş, əksinə olaraq, daha da zənginləşmiş və modernləşmişdir.


Комментариев нет:

Отправить комментарий